About GÜVƏN TƏHSİLİN İNKİŞAFINA DƏSTƏK FONDU

GÜVƏN TƏHSİLİN İNKİŞAFINA DƏSTƏK FONDU

Güvən Təhsilin İnkişafına Dəstək Fondu 2023-cü ildə təsis edilmiş, 13 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır (qeydiyyat nömrəsi: 1123-Q83-4253).

Fondun məqsədi ölkəmizin müxtəlif bölgələrindən olan istedadlı, bacarıqlı, yüksək balla ali məktəblərə qəbul olmuş tələbələrin müəyyənləşdirilməsi, onların təhsil imkanlarının genişləndirilməsi, şəxsi inkişafına və milli-mənəvi dəyərlərə sadiq, cəmiyyətə faydalı mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərilməsidir.

Fondun fəaliyyət istiqamətlərinə yalnız maddi dəstəyin göstərilməsi deyil, həm də gənclərin fərdi inkişaf proqramlarında iştirakına, elmi araşdırmalarının stimullaşdırılmasına, beynəlxalq və yerli layihələrdə iştirak imkanlarının artırılmasına, innovativ təşəbbüslərinin dəstəklənməsinə və gələcək karyera planlamasına yardım edilməsi daxildir.

Güvən Təhsilin İnkişafına Dəstək Fondu dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək göstərməklə yanaşı, özəl sektorun sosial məsuliyyət təşəbbüslərinin inkişaf etdirilməsinə töhfə verməyi də qarşısına məqsəd qoyur.

Fondun Fəaliyyət İstiqamətləri

Güvən Təhsilin İnkişafına Dəstək Fondu, ilk növbədə, seçilən namizədlərin təhsil haqlarının ödənilməsinə köməklik göstərir, təhsil müddəti ərzində tələbələri yataqxana ilə və ya təhsil aldıqları ərazidə müvafiq qaydada müvəqqəti yaşayış yeri ilə təmin edir.

Daha bir fəaliyyətimiz tələbələrin müxtəlif təhsil pilləsinə qəbul olmaq üçün müəyyən fənlərdən hazırlaşmasında köməklik göstərmək, bunun üçün müvafiq kurslar təşkil etməkdən ibarətdir.

Fondun himayəsində olan gənclərimizin asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək, bunun üçün müxtəlif bölgələrə səfərlər, səmərəli tədbirlər təşkil etmək də əsas missiyalarımızdandır.

Fəaliyyətimizin preoritet istiqamətlərindən biri də tələbələrə sosial-psixoloji dəstək olmaq, bunun üçün psixoloqlarla fərdi və qrup şəklində seanslar və təlimlər təşkil etməkdir. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi üçün müvafiq tədbirlər təşkil etmək, sosial maarifləndirmə işləri aparmaq da fondun məqsədlərindəndir.

Gənc alim və tədqiqatçıların elmi araşdırmalarına dəstək olması, elmi fəaliyyətlərinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, müxtəlif elmi layihələrə və tədqiqatlara qrandların ayrılması da Fondun gələcək fəaliyyətində nəzərdə tutulub. Maddi dəstəyə ehtiyacı olan perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar Fondun elan etdiyi Grand müsabiqələrində iştirak edə biləcəklər.

Tələbələrin əldə etdikləri nəzəri biliklərin praktiki tətbiqini təşkil etmək üçün, onları müəyyən könüllülük fəaliyyətinə istiqamətləndirmək, həmçinin müxtəlif müəssisə və təşkilatlarda təcrübə keçməklərinə şərait yaratmaq da Güvən Təhsilin İnkişafına Dəstək Fondunun bir istiqaməti kimi nəzərdə tutulub.

Tələbələrin maarifləndirilməsi üçün müəyyən simulyasiya, debat kimi tədbirlərin keçirilməsi, onlar arasında müəyyən müsabiqələr təşkil edilməsi, incəsənətin müəyyən sahələri ilə (musiqi, rəssamlıq və s.) maraqlanan gənclərə bu istiqamətdə köməkliyin göstərilməsi, müəyyən peşə sahələrinə marağı və potensialı olan tələbələri düzgün istiqamətləndirmək və bu sahədə bilik və bacarıqların əldə edilməsinə köməklik göstərmək də Güvən Fondunun bir istiqamətidir.

Fondumuzun məqsədlərindən biri də sağlamlıq imkanları məhdud olan və ya səhhətində problem olan tələbələrə müvafiq tibbi dəstəyin həyata keçirilməsidir.

Yekun olaraq Güvən Fondunun əsas missiyası Azərbaycanın işgüzar və siyasi həyatına tövhələr verə biləcək savadlı, bilikli, güclü vətənpərvərlik hissinə malik, dövlətinə, doğma yurduna bağlı, milli ruhda tərbiyə almış gənc nəslin formalaşmasının əsasını qoymaqdır.

Siz də Dəstək Olun

GÜVƏN TƏHSİLİN İNKİŞAFINA DƏSTƏK FONDU ilə birlikdə Azərbaycanda təhsilin inkişafına töhfə vermək istəyirsinizsə, müxtəlif yollarla bizə qoşula bilərsiniz.